Haqqında
Ağacan Qulam oğlu Abıyev 1937-ci il noyabrın 24-də Bakı şəhərində sadə ailədə anadan olub. Atası Qulam Abi oğlu (1901) neft sahəsində fəhlə kimi çalışmış, anası Rübabə Heydər qızı (1909) isə evdar qadın olmuşdur. 1945-ci ildə Bakı şəhər 208 №-li orta məktəbə qədəm qoyub. Həmin məktəbi bitirdikdən 1 il sonra - 1956-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İstitutuna daxil olub. 1960-cı ildə bu ali təhsil ocağını müvəffəqiyyətlə bitirib. Elə həmin il «Neftçi» cəmiyyətinə boks üzrə baş məşqçi təyin edilib. 1961-ci ildə Azərbaycan Politexnik İnstitutunun «Avtomatika və Hesablama texnikası» fakültəsinin əyani şöbəsinə daxil olub. Əla qiymətlərlə təhsil aldığı üçün 1964-cü ildən Lenin təqaüdünə layiq görülüb. 1966-cı ildə Politexnik İnstitutunun fərqlənmə diplomu ilə bitirdikdən sonra işləmək üçün elə həmin institutun ixtisas kafedrasına təyinat alıb. 1967-ci ildə Moskva Polad və Ərintilər İnstitutunun «Metal təbəqə yayma dəzgahlarının avtomatlaşdırılması» kafedrasının əyani şöbəsinin aspiranturasına daxil olub. 3 il sonra Moskvada namizədlik dissertasiyasını müdafiə edib. 1971-ci ilin yanvar ayında Moskva Polad və Ərintilər İnstitutu tərəfindən Lipetsk Politexnik İnstitutuna təyinat alıb. 1974-cü ildə dosent və «Avtomatika və sənaye elektronikası» kafedrasının müdiri seçilib. 1979-cu ildə 2-ci dəfə bu vəzifəyə təyin edilib. 1983-cü ildə ailə vəziyyəti ilə əlaqədar Bakıya qayıdıb. Həmin ildən müsabiqə yolu ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun «Elektrotexnika və elktronika» kafedrasının müdiri vəzifəsinə seçilib. 1987-ji ildən bu günədək Azərbayjan Dövlət Bədən Tərbiyəsi İnstitutunun rektoru vəzifəsində çalışır. 1967-ci ildən indiyə qədər 102 elmi məqalənin, 15 tədris-metodiki vəsaitin 1 monoqrafiya və 4 ixtiranın müəllifidir. 2005-ci ildə Yusif Məmmədəliyev qızıl medalı ilə təltif olunub, Beynəlxalq Elmlər Akademiyasının Akademiki seçilib. Həmin il daha bir əlamətdar hadisəylə yadda qalıb. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədliyini irəli sürən Ağacan müəllim Abıyev rəqiblərinə qalib gələrək Azərbaycanın Ali qanunverici orqanına deputat seçilib. Milli Məclisin Nizam-İntizam daimi komissiyasının sədridir. Ailəlidir, 2 qızı 3 nəvəsi var.